Sayt xəritəsi

XƏBƏRLƏR

ƏCNƏBİ TƏLƏBƏLƏRİN DƏ İŞTİRAKI ETDİYİ TƏDBİRDƏ ULU ÖNDƏRİN XATİRƏSİ ANILIB

10.05.2018

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.  Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə əcnəbi tələbələr də iştirak edib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə bu sahə ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. O bildirib ki, ümummilli liderimizin bu gün də uğurla davam etdirilən təhsil siyasəti tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub.

Xidmətin rəisi Şahin Nəbiyev bildirib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axını ilbəil artır. Vurğulanıb ki, Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məsələ Dövlət Miqrasiya xidmətinin diqqət mərkəzində saxlanılır.

Xidmətin baş inspektoru Qiyas Paşayev tələbələri xidmətin saytından istifadə qaydaları ilə tanış edib. O, xarici tələbələrə ən az vaxt sərf etməklə sayt vasitəsilə elektron qaydada da sənədlərini təqdim edə bilmələri üçün  yaradılan şəraitdən ətraflı danışıb.

Əcnəbi tələbələrin qanunvericliklə müəyyən edlmiş hüquq və vəzifələri adlı çıxışında Xidmətin şöbə rəisi Zakir Məmmədov Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normalarının müəyyənləşdirilməsində 2013-cü il Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Universitetin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi nigeriyalı Odigie Samson Joe vurğulayıb ki, Naxçıvanın müasir siması və sürətli inkişafı bizdə xoş təəssüratlar yaradır. Naxçıvan Dövlət Universitetində mövcud olan müasir təhsil üsulundan razı qaldığını dilə gətirən əcnəbi tələbə gələcəkdə Naxçıvanı tanıtmaq istiqamətində səylərini əsirgəməyəcəyini dilə gətirib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı videoçarx təqdim olunandan sonra əcnəbi tələbələr üçün müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və bukletlər təqdim edilib, müvafiq müraciətlər qəbul edilib. Həmçinin Naxçıvan Biznes Mərkəzi ilə  tanışlıq olub.

Əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri də təşkil edilib. Mərkəzdə onların iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda viktorina və mini-futbol yarışı keçirilib.

4 komanda arasında 3 turda keçirilən intelektual bilik yarışmasında universitetin Tibb fakültəsinin “Həkimlər” komandası qalib olub.

Futbol üzrə keçirilən yarışda isə I yerə Memarlıq və mühəndislik fakültəsinin “Memarlar” komandası çıxıb. II yerə Tibb fakültəsinin “Həkimlər”, III yerə isə universitetdə hazırlıq kursunda təhsil alan “Hazırlıq” komandası layiq görülüb. Sonda qaliblər mükafatlandırılıb.