Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİRDƏ UNİVERSİTET İDMANÇILARI MÜKAFATLANDIRILIBLAR

10.05.2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişib, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrilib. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət alıb.  Vurğulanıb ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bugün də uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bir çox Beynəlxalq İdman yarışlarına ev sahibliyi etməsi artıq ölkəmizin idman ölkəsi kimi tanıdılmasında mühüm rol oynayır.

Universitetin İdman klubunun rəhbəri, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının müdiri Məmmədəli Rəhimov universitetdə idmanın inkişafı üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirilib ki, hər ilin oktyabr-noyabr aylarında idman klubu ilə tələbə idman şurası tərəfindən birinci kurs tələbələri arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilir, qabiliyyətli idmançılar aşkara çıxarılır və universitet komandalarına cəlb olunur.

Sonra beynəlxlaq turnirlərdə, muxtar respublika çempionatında, universitet yarışlarında fərqlənən tələbələrin adları açıqlanıb.

Avropa Birinciliyi uğrunda yarışda boks üzrə Tayfur Əliyev II, Vüqar Məhərrəmov isə budo idman növü üzrə I, şahmat üzrə Türkiyənin Kahraman Maraş şəhərində 20 yaşlılar arasında keçirilən beynəlxalq şahmat turnirində Pərviz Qasımov I yerə çıxıb.

2018-ci il tədris ilinin II yarısında Naxçıvan Muxtar Respublikası birinciliyində karate-do üzrə Sərcan Məmmədov, boks üzrə Sahil Qafarlı, stend atıcılığı üzrə Nuray Mahmudova, 5 km məsafəyə qaçış üzrə Gülay Cəfərova I yerləri qazanıblar.

Heydər Əliyev kuboku uğrunda muxtar respublika çempionatında universitetin futbol komandası isə II yerə layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş XIV çempionatda fakültələr arasında keçirilən futzal yarışında Memarlıq və mühəndislik fakültəsinin komandası, oğlanlar və qızlar arasında keçirilən hər iki voleybol yarışlarında Pedaqoji fakültənin komandası, Stolüstü tennis üzrə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi, Şahmat üzrə Fizika-riyaziyyat fakültəsi birincilik qazanıblar.

Stolüstü tennis üzrə şəxsi birincilik yarışında oğlanlar arasında Araz Əliyev, qızlar arasında isə  Xurşid Mahmudova I yerə layiq görülüb.

Universitet çempionatında boks üzrə şəxsi birincilikdə 52 kq çəki dərəcəsində Əkbər Əliyev, 56 kq çəki dərəcəsində Azər Məmmədov, 60 kq çəki dərəcəsində Sənan Quliyev, 64 kq çəki dərəcəsində Nemət Hüseynov, 69 kq çəki dərəcəsində Sahil Qafarov, 75 kq çəki dərəcəsində Niyazi Xudaverdiyev, 81 kq Məhərrəm Fərəcov, 91 kq çəki dərəcəsində Zəfər Ağamalıyev və 91 kq-dan yuxarı çəki dərəcəsində isə Elşən Rzayev qalib olublar.

Qeyd edək ki, 2017-2018-ci tədris ili üzrə keçirilən universitet çempionatda maksimum 15 bal qazanan Pedaqoji fakültənin komandası I, Memarlıq və mühəndislik komandası II, Tibb fakültəsi isə III yerləri bölüşüblər.

Qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.