Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “MÜHASİBAT UÇOTU” NOMİNASİYASI ÜZRƏ QALİB OLAN “MÜHASİBAT UÇOTU” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLİB

11.05.2018

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib olan “Mühasibat uçotu” adlı kitabın təqdimatı keçirilib. Tədimatda giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikasında mühasibat uçotunun tarixi inkişafı əsasən müstəqillik əldə etdikdən sonra başlanılıb. Rektor iqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə xarici investorların Azərbaycan iqtisadiyyatına marağının artması nəticəsində mühasibatlıq haqda bir çox qanunların imzalanmasının ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən danışıb.

Universitetin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Teymur Abbasov bildirib ki, mühasibat uçotu maliyyə xüsusiyyətli hadisə və proseslə əlaqədar məlumatların toplanmasını, qeyd edilməsini, təsnifləndirilməsini, təhlil edilməsini və şərh edilməsini öyrənən bir elmdir. Vurğulanıb ki, müasir dövr mühasibatlığının əsası 1973-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Komitənin yaradılması ilə qoyulub. Həmin qurum vasitəsilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İnternational Financial Reporting Standarts-İFRS) hazırlanıb və dünyanın bir çox ölkələrində tətbiqinə başlanılıb. Bu dövr əsasən Mühasibat Uçotunun Ümumqəbuledilmiş Prinsiplərinin (Generally Accepted Accounting Principles-GAAP) formalaşması ilə xarakterizə olunur.

Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov kitab haqqında məlumat verərək qeyd edib ki, 15 fəsildən ibarət olan kitabın birinci fəslində mühasibat uçotunun mahiyyəti, tarixi inkişafı və təsərrüfat subyektlərinin formalarından bəhs edilib. Sonrakı fəsillərdə isə ardıcıl olaraq maliyyə hesabatlarının elementlərindən, hesablar və ikili qeydiyyat prinsiplərindən, pul vəsaitləri, debitor borclar, ehtiyatlar və maliyyə aktivlərinin uçotundan, uzunmüddətli maddi və qeyri-maddi aktivlərin uçotu və amortizasiyası metodlarından, xüsusi kapital, öhdəliklər, gəlirlər və xərclərin yaranması və uçot prinsiplərindən bəhs edilib. Daha sonra maliyyə hesabatlarının təhlili qaydaları göstərilib və sonuncu fəsildə isə praktiki nümunələr əsasında daha geniş və əhatəli şəkildə maliyyə hesabatlarının hazırlanması mərhələləri izah edilərək müəssisələrin qarşılaşacağı çoxsaylı problemlərə toxunulub.

Kitabın müəllifləri “Cahan” Holdinq Şirkətlər İttifaqının Bakı şəhərindəki bazarlama xidmətinin maliyyə müdiri Elvin Həsənov, “Naxçıvanqaz” İstehsalat Birliyinin mühasibi Elvin Əlimərdanov çıxışlarında bildiriblər ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrləri, müəllimləri, müəssisədə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibat uçotu elminə maraqlı olan digər şəxslər istifadə edə bilərlər. Hər iki müəllif kitabın təqdimatını keçirdiklərinə görə muxtar respublika rəhbərinə minnətdar olduqlarını bildiriblər. Həmmüəlliflər qazandıqları mükafatın muxtar respublika elminə, təhsilinə göstərilən diqqət və qayğının təzahürü olduğunu dilə gətiriblər.