Sayt xəritəsi

XƏBƏRLƏR

“KİMYA MÖCÜZƏLƏR YARADIR” ADLI ELMİ-ƏYLƏNCƏLİ TƏDBİR KEÇİRİLİB

16.05.2018

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Naxçıvan şəhər A. Nəzərəliyev adına 16N-li tam orta məktəbin təcrübəçi tələbələrinin təşkil etdiyi “Kimya möcüzələr yaradır” adlı elmi əyləncəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişaf etdiyini, son illər Kimya fakültəsində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin keyfiyyətinin, yüksək indeksli jurnallarda dərc edilən elmi məqalələrin sayının daha da artdığını qeyd edib. Azərbaycanda neft-kimyanın əsasını qoyan Yusif Məmədəliyevin adını xüsusi olaraq qeyd edən rektor faşizm üzərində qələbənin qazanılmasında kimyaçı alimin fəaliyyətini xüsusi olaraq vurğulayıb.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, Kimya kafedrasının dosenti Şəmil Mahmudov, Kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Əliyev ixtisas biliyinin artırılması üçün təcrübələrin aparılmasının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Kimyanın qədim tarixi, Dünya və Azərbaycan kimyaçıları, İnsan həyatında kimyanın rolu haqda Kimya ixtisası üzrə III kurs tələbələri çıxışlar ediblər.

Bundan başqa tədbirdə musiqili kimya, danışan elementlər, qələvi metalların su ilə reaksiyası, tələbələrin 16 №li məktəbdə fəaliyyətlərinə həsr olunan videoçarxlar nümayiş olunub.

A.Nəzərəliyev adına 16 №li tam orta məktəbin müəllimi, metodist Xuraman Əliyeva təcrübəçi tələbələrin məktəbdə keçdikləri təcrübə haqda danışıb. Qeyd edilib ki, keçirilən bu tədbirlər şagirdlərin bu kimi elmlərə marağının artırılmasında mühüm rol oynayır.

Tədbirdə şagirdlər fənnlərin bəhsi, danışan elementlər, oksigenin hekayəsi adlı kompozisiya göstəriblər. Sonda tələbələr tərəfindən əyləncəli təcrübələr aparılıb.