Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİTETİN KOLLEKTİVİ “MUZEY GÜNLƏRİ” ÇƏRÇİVƏSİNDƏ NAXÇIVAN BİZNES MƏRKƏZİNDƏ OLUB

26.05.2018

Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar. Sərgiylə tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri ölkəmizdə aparılan iqtisadi islahatlar, dünya iqtisadiyyatındakı yeniliklər, sahibkarların bilik və iş təcrübələrinin artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi, reklam və marketinq işinin təşkili kimi sahələrdə sahibkarların maarifləndirilməsidir. Qeyd edilib ki, mərkəzdə muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə və digər sahələrin məhsullarını misal göstərmək olar.


Qonaqlara muxtar respublikanın ənənəvi brend məhsulları olan qaya duzu, mineral sular, bitki çayları, dağlardan toplanmış müalicəvi əhəmiyyətli bitki çayları və onların kapsulları haqda da məlumat verilib. Bildirilib ki, zəngin floraya malik Naxçıvan ərazisində 150-dən çoxu rəsmi dərman bitkiləri olan 2900-dən çox bitki mövcuddur. Muxtar respublikada özəl bölmənin təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları,  “Dizayn Holdinq”, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox saylı kiçik və orta müəssisələr tərəfindən istehsal olunan məhsulların sərgidə öz yerini tutduğu qonaqların diqqətinə çatdırılıb.


Vurğulanıb ki, muxtar respublikanın mövcud resusları hesabına istehsal edilən tikinti materialları, sement, kərpic, daş məhsulları, tibb sahəsində istifadə olunan müxtəlif qazlar yerli təlabatı 100% ödəyir. Bununla yanaşı daş məhsulları, sement, mebel məmulatları İran, Türkiyə və Gürcüstan respublikasına ixrac edilir. Hazırda bir çox müəssisə 87 adda məhsulunu Gürcüstan, Belarus, İran,Türkiyə və MDB ölkələrinə də ixrac edir. İxac potensiallı müəssisədən olan “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması nəticəsində müasir texnologiya əsasında “Badamlı”mineral suyunun istehsalı bərpa olunub və əvvəlki şöhrətini özünə qaytarılıb.  Muxtar respublikada kənd təsərrüfatı istehsalçılarına müxtəlif aqrotexniki xidmətlər göstərən, lizinq ilə kənd təsərrüfatı texnikası və ehtiyat hissələri ilə təchizatını həyata keçirən Naxçıvan “Aqrolizinq” ASC haqqında məlumat verilib.


Əl işlərinin sərgiləndiyi güşədə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2009-cu il 7 fevral tarixli sərəncamı ilə sənətkarların fəaliyyətlərinin stimullaşdırılması məqsədilə xalq yaradıcılığı günlərinin keçirilməsi və sərgidə yer alan və Naxçıvan abidələrinin üstünlük təşkil etdiyi nümunələr qonaqların diqqətinə səbəb olub.


Muxtar Respublikada son illər yaradılmış istehsal və xidmət obyektlərini əks etdirən və 858 istehsal müəssisəsini özündə birləşdirən xəritədə maşınqayırma, kimya, tikinti, enegetika, mədənçıxarma, metallugiya, yüngül, mebel, yeyinti və aqrar sənayesi, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq, quşçuluq, arıçılıq, limonçuluq təsərrüfatlarının öz əksini tapdığı qeyd edilib.