Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİTETDƏ NÖVBƏTİ KİTAB TƏQDMATI KEÇİRİLİB

29.05.2018

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin Tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi və ictimai əhəmiyyyətini qeyd edərək erməni kilsəsi, onun spesifik cəhətləri, strukturu, keçdiyi tarixi mərhələr, bugünkü erməni cəmiyyətində və erməni icmalarında oynadığı roldan danışıb. Tutarlı, tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, 4 fəsildən ibarət olan kitabın I fəslində erməni kilsəsinin tarix boyu etdiyi saxtakarlıqlar öz əksini tapıb. Kitabın II fəslində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğal edilib müstəmləkəyə çevrilməsində erməni kilsəsinin oynadığı rol, Erməni kilsəsi işğaldan sonra adlanan III fəsildə isə qondarma “erməni” dövlətinin yaradılmasınıa nail olmaq siyasətinin iç üzü, tarixi faktlarla öz əksini tapıb. Öz sərvətinə görə 1 milyarddan artıq xristian-katoloikin baş məbədi sayılan Vatikanla müqayisə olunan Eçmiədzin kilsəsinin dünya siyasətində oynadığı rol haqda məlumat verilib.

IV fəsil “Erməni kilsəsi ən yeni dövrdə” adlandırılmaqla XX əsrin 70-ci illərindən etibarən erməni kilsəsinin himayədarlığı və maliyyə dəstəyi ilə Yaxın Şərqdə və Qərb ölkələrində çoxsaylı erməni terror təşklatları olan ASALA, ASOA və başqa təşkilatların iyrənc əməlləri haqda oxucular məlumatlandırılıb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev bildirib ki,  müəllif erməni kilsəsinin  erməni şovinizmində, erməni separatçılığında oynadığı rola tarixi faktlarla istinad edib. Müxtəlif elmi konfransların, simpoziumların mövzusu olduğunu diqqətə çatdıran natiq elmi işin əhatə dairəsinin artırılması istiqamətində müəllifə öz təklif və tövsiyyələrini çatdırıb.

Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev qeyd edib ki, əsərdə erməni kilsəsinin çar Rusiyasının Cənubi Qafqazın işğal edilib müstəmləkəyə çevrilməsi, bu ərazilərdə qondarma Ermənistan dövlətinin yaradılması və himayə edilməsi siyasətindəki yeri, onun qonşu dövlətlərə ərazi iddiaları və deportasiya səciyyəli fəaliyyəti araşdırılıb.

Tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması istiqamətində kitabın elmi yükü ilə bərabər ictimai əhəmiyyətinin də mühüm olduğunu qeyd edən natiq əsəri Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dəyərli bir nümunə olaraq qiymətləndirib.

Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev Cənubi Qafqazda baş verən dramatik hadisələrin, regionda xarici güclər arasında səngiməyən qarşıdurmanın səbəbinin erməni kilsəsi və onun yetirməsi olan erməni dövlətçiliyi olduğu diqqətə çatdırıb.

Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir-deyən müəllif  universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.