Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 2017-2018-Cİ TƏDRİS İLİNDƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN YEKUN KONFRANSI KEÇİRİLİB

30.05.2018

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümumuniversitet elmi konfrans keçirilib. Plenar iclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib. Rektor iclasın işinə uğurlar arzulayıb.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev TEC-in əhəmiyyətindən, universitetdə fəaliyyət göstərən təşkilatın tələbələrin elmi fəallığının və elmi dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə cəmiyyətin sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb. Prorektor müəllim və tələbələrə keçiriləcək bölmə iclaslarında uğurlar arzulayıb, elmi-tədqiqat işlərinin  qiymətləndirilməsində elmi rəhbərləri  obyektiv olmağa çağırıb.

“TEC-in qarşısında duran vəzifələri haqqında” məruzə edən universitet TEC-in sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə  II kurs tələbəsi Bətulə Əlizadə bildirib ki,  TEC-in başlıca vəzifəsi tələbələrdə elmə olan marağı və münasibəti müsbət istiqamətə yönləndirməkdən ibarətdir. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb.

Elmi rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov olan Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Elsun Cahangirli “Ümummilli lider Heydər Əliyevin enerji diplomatiyası müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının təminatıdır” mövzusunda hazırladığı elmi-tədqiqat işiylə bağlı çıxışı dinlənilib. Qeyd edilib ki,  1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycanda  enerji siyasəti  formalaşıb. Bu sahədə ən böyük addım nəhəng neft kontraktının – “Əsrin müqaviləsi”nin imzalanması ilə enerji diplomatiyası bu gün Azərbaycan xarici siyasətini müəyyənləşdirən başlıca faktorlardan birinə çevrilib. Vurğulanıb ki, bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan dövlət olması ilə bağlıdır.   Diqqətə çatdırılıb  ki,  Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir.

Konfrans 47 bölmə üzrə işini davam etdirib. Burada tələbələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə, təqdim olunan elmi məqalələrin bütün detalları: cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə konfrans iştirakçılarına təqdim olunub. Tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb.