Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

İNCƏSƏNƏT FAKÜLTƏSİNİN NÖVBƏTİ SOLO KONSERTİ KEÇİRİLİB

31.05.2018

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib. Konsert fakültənin Solo oxuma ixtisası üzrə IV kurs tələbəsi Məhərrəm Quliyevin iştirakı ilə keçib.

Konsertdə giriş sözü ilə çıxış edən İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova bildirib ki, 2007-ci ildə Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Milli Konservatoriya tərkibində  Respublika İncəsənət gimnaziyasına daxil olan Məhərrəm Quliyev 2010-cu ildə konservatoriyanı uğurla bitirdikdən sonra   2014-cü ildə  Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Solooxuma ixtisasına qəbul olub. Xüsusi istedadı olmaqla bərabər Məhərrəmin həm dərs prosesində, həm də dərsdən kənar  öz qrup yoldaşları, müəllimləri arasında yüksək rəğbət qazanması diqqətə çatdırılıb. Fakültənin dekanı qazandığı bütün uğurlar münasibətilə tələbəni təbrik edib və gələcək səhnə fəaliyyətində uğurlar arzulayıb.

Əsasən muğamlardan ibarət olan konsertdə klassik Azərbaycan bəstəkarlarının da mahnıları yer alıb. İxtisas müəllimlərindən Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri, Mübariz Əsgərov, Gülyanaq Fərzəliyevanın  konsert haqda dəyərli fikirləri səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Məhərrəm Quliyev 2006-cı ildə “Astara 2006” muğam müsabiqəsində Naxçıvanı uğurla təmsil edib və diplomla təltif olunub. 2008-ci ildə Bakıda keçirilən Muğam müsabiqəsində I yerə layiq görülən Məhərrəm 2016-cı ildə keçirilən Xalq mahnıları və təsniflər müsabiqəsinin diplomu ilə təltif olunub.