Sayt xəritəsi

XƏBƏRLƏR

HİNDİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ SANCAY RANA NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

31.05.2018

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu  ifadə edib.

İkitərəfli görüş zamanı rektor universitetin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, beynəlxalq aləmdə ali təhsil ocağının oynadığı roldan danışıb. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+NİZAMİ VƏ ERASMUS+PETRA layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir.  Rektor 2018-ci ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında universitetdə yeni yaradılan Distant Təhsil Mərkəzindən və bu istiqamətdə tələbə qəbulundan danışıb.

Səfir səmimi qəbula görə öz təşəkkürünü bildirib. Hindistan ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan diplomat əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb. Səfir universitetdə ənənəvi metodlarla yanaşı, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluğunu ifadə edib, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Beynəlxalq münasibətlər fakültəsinin akt zalında davam edən tədbirdə səfir tələbələr üçün mühazirə oxuyub. Tələbər üçün yoqa təlimi, insan üçün faydaları barədə məlumat verilib. Təcrübi sürətdə göstərilən yoqa elementləri müəllim və tələbələrin marağına səbəb olub.