Sayt xəritəsi

XƏBƏRLƏR

BAKININ “EKSPO 2025” ÜMUMDÜNYA SƏRGİSİNƏ EV SAHİBLİYİNƏ NAMİZƏD ŞƏHƏR OLMASI İLƏ BAĞLI TƏQDİMAT KEÇİRİLİB

07.06.2018

Naxçıvan Dövlət Universitetində Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi respublikamızda bu sahədə qazanılmış böyük təcrübə ölkəmizin bu tədbiri də lazimi səviyyədə keçirə biləcəyinə zəmin yaradır. Prorektor bütün bunların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bugün isə ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyinin bəhrəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elm ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Şahin Bayramov tədbir iştirakçılarını salamlayaraq, ilk növbədə qədim Naxçıvan torpağında olmaqdan məmnunluğunu,tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirib.Diqqətə çatdırıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətimizin əsas istiqaməti ölkəmizin dayanıqlı inkişafına nail olmaq,insan kapitalının inkişafını təmin etməkdən ibarətdir.

“Expo layihəsi, səhiyyənin gələcəyi” mövzusunda çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Standartların tətbiqi bölməsinin müdiri Məryəm Cəfərzadə “Expo 2025”-in beynəlxalq əhəmiyyətindən və ölkəmizdə keçirilməsindəki məqsədlərindən danışıb. “Expo 2025” Bakı layihəsi haqqında təqdimatı nümayiş etdirən  Məryəm Cəfərzadə “Expo 2025”-in həm də beynəlxalq dəstək və imkanlar verən bir layihə olduğunu diqqətə çatdıraraq hazırda Azərbaycanın Rusiya və Yaponiya ilə ev sahibliyi uğrunda rəqabət apardığını bildirib. Vurğulanıb ki, layihə cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə əlverişli şərait yaradacaq.

“Təhsilin gələcəyi” mövzusunda çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov  “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” devizi ilə Azərbaycanın ev sahibliyini irəli sürməsinin ölkəmizdə insan kapitalına verilən yüksək dəyər kimi qiymətləndirib və 2025-ci ilədək dünyanı dəyişəcək texnoloji trendlərindən danışıb. Bildirilib ki, həyatda imkanlar sonsuzdur, lakin onların hər birinə yalnız təhsilin inkişafı, istedadın üzə çıxması və biliklərin mənimsənilməsi ilə nail olmaq mümkündür. Beynəlxalq sərgi məhz  təhsil vasitəsilə insan kapitalından maksimal dərəcədə yararlanmağın yollarına dair qlobal anlaşma əldə etmək üçün şərait yaradacaq.

“Məşğulluğun gələcəyi” mövzusunda təqdimatla çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq və Demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva Beynəlxalq Əmək Təşkilatına  üzv ölkələrdə milli dialoqların əsas müzakirə mövzuları və dünya əmək bazarında mövcud vəziyyətdən, məşğulluğun gələcək perspektivli sahələrindən danışıb. Eyni zamanda  demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran problemlər barədə məlumat verilib. Qeyd edilib ki, sərgi  cəmiyyət və qlobal səviyyədə davamlı nailiyyətlərin əldə olunması üçün mühüm müzakirələrin aparılacağı məkana çevriləcək.

Təqdimatlar zamanı Ekspo 2025 Bakı üzrə mövzunu seçmiş heyətin rəhbərləri “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu, həmçinin səhiyyənin, təhsilin və məşğulluğun gələcəyi alt-mövzularının əhəmiyyəti haqqında danışıblar.

Sonda tələbələrin Ekspo 2025 Bakı Ümumdünya sərgisinin yaratdığı imkanların onlara nələri təklif etməsi və şəhərin namizədliyinə dəstəklərini nümayiş etdirmək üçün bu təşəbüsə necə qatıla bilmələrinə dair sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda 170 dövlət üzvü olduğu Beynəlxalq Sərgilər Bürosu (BSB) 1928-ci ildə yaradılıb. Azərbaycan ilk dəfə olaraq Ekspoda 2000-ci ildə iştirak edib. 2008-ci ildən bu günədək isə ölkəmiz BSB-nin tam hüquqlu üzvüdür.