Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHANLAR ELEKTRON QAYDADA HƏYATA KEÇİRİLİR

07.06.2018

2017-2018-ci tədris ilinin yay semestrində elektron qaydada keçirilən  imtahanlar gün ərzində minimum 50 olmaqla 70-ə yaxın sayda  keçirilir. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı  ənənəvi-yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, gündə 5 sayda olmaqla keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq quraşdırlıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

2017-2018-ci tədris ili ərzində yay semestrində elektron üsulla təşkil edilən 18976 tələbənin iştirakı ilə keçiriləcək imtahanlarda bugünədək artıq 6625 nəfər imtahan verib.  Xatırladaq ki, 2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr Tarix-Filologiya, Fizika-Riyaziyyat, Pedaqoji, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültələrinin hərəsində 1, Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültəsində 4 auditoriya olmaqla, ümumilikdə 3 tədris korpusu və 8 auditoriyada aparılır.

İmtahanlar hər korpus üzrə 1 imtahan rəhbəri və auditoriya üzrə iki nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatə əldə edə bilir.

Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apelyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.