Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 15 İYUN MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ “QURTULUŞUN ZƏFƏR GÜNÜ” ADLI TƏDBİR KEÇİRİLİB

11.06.2018

Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.

Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi ordumuzun günbəgün artan qüdrətindən xəbər verir-deyən rektor qüdrətli Azərbaycan ordusunun 100 illik yubileyi ərəfəsinə təsadüf edən tarixi qələbə, Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

“Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli qeyd edib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərdən uğurla çıxıb.

Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.