Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ HEYDƏR ƏLİYEV LEKTORİYASININ 223-CÜ MƏŞĞƏLƏSİ KEÇİRİLİB

12.06.2018

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 223-cü məşğələsi keçirilib. “Qurtuluşdan başlanan tərəqqi yolu” adlanan lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda  Qurtuluş günü kimi rəsmiləşdirilib, 1998-ci ildən isə dövlət bayram statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilir. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas edib, qurtuluşumuzun təməlini atıb. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir, bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

“Milli qurtuluşumuzun zəfər yürüşü” adlı çıxışında tədris-tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov ölkəmizə rəhbərlik dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin xalq və Vətən naminə fəaliyyətinə həsr olunmuş mənalı ömür yoluna nəzər salıb.  Diqqətə çatdırılıb ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderin ideyalarına sədaqət Muxtar Respublikanı hərtərəfli inkişafa qovuşdurub.