Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

BEYNƏLXALQ GƏNCLİK ARAŞDIRMALARI KONQRESİNDƏ İŞTİRAK EDƏN TÜRKİYƏLİ QONAQLAR NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

29.06.2018

Naxçıvan Muxtar Respublikasının və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin, eləcə də AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin iştirakı ilə “Naxçıvan” Universitetinin ev sahibliyi etdiyi III Beynəlxalq Gənclik Araşdırmaları Konqresində iştirak edən türkiyəli nümayəndə heyəti  Naxçıvan Dövlət Universitetində olub. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi önündə qonaqları universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov salamlayaraq  universitetin maddi-texniki bazası, strukturu, fakültələri haqda məlumat verib. Distant Təhsil Mərkəzində olan qonaqlara bildirilib ki, 2018-ci ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında universitetdə yeni yaradılan Distant Təhsil Mərkəzi ilkin mərhələdə Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus) ixtisasına tələbə qəbulu həyata keçirməklə öz fəaliyyətinə əcnəbi tələbələrin qəbulu ilə başlayıb.

Universitetin xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələrindən danışan rektor vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Rektor 2001-ci ildən  Universitetin Tibb fakültəsinin tərkibində, 2015-ci il tarixdən isə Naxçıvan Dövlət Universitetinin yeni xəstəxanasının fəaliyyətə başlamasından,  Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi nəzdində Baytarlıq təbabəti ixtisası üçün ayrıca yaradılan binanın fəaliyyəti haqda məlumat verib.

Sonra Sosial Xidmət Mərkəzində qonaqlar üçün çay süfrəsi təşkil edilib.

Qeyd edək ki, III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin əhəmiyyəti gənclərimizin müxtəlif problemlərinin həllində yeni yolların tapılmasına, bu sahədə araşdırma aparan elm adamlarımızın tədqiqat işlərini təqdim etməsinə imkan verir.