Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

İDMANÇILAR MÜKAFATLANDIRILIBLAR

29.06.2018

Naxçıvan Dövlət universitetində idmançılar mükafatlandırılıblar. İdmançıların təltif etmə mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bugün muxtar respublikada da uğurla davam və inkişaf etdirilir.

Universitetin İdman klubunun rəhbəri, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının müəllimi Məmmədəli Rəhimov bildirib ki, hər ilin oktyabr-noyabr aylarında idman klubu ilə tələbə idman şurası tərəfindən birinci kurs tələbələri arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilir, qabiliyyətli idmançılar aşkara çıxarılır və universitet komandalarına cəlb olunur.

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov universitetdə idmanın inkişafı üçün yaradılan hərtərəfli şəraitdən danışıb.

Sonra beynəlxalq turnirlərdə, muxtar respublika çempionatında, universitet yarışlarında fərqlənən tələbələrin adları açıqlanıb.

Şahmat üzrə Azərbaycan çempionatında Fizika-riyaziyyat fakültəsi üzrə I kurs tələbəsi Aynur Kətanova birinci olub.

Futzal üzrə muxtar respublika çempionatında universitetin komandası birinci yerə çıxıb. Peyntbol üzrə keçirilən  yarışlarda yenə də universitetin komandası I olub.

Qol güləşi üzrə muxtar respublika birinciliyində Bədən tərbiyəsi ixtisası üzrə III kurs tələbəsi Allahverdi Allahverdiyev qalib olub.

Bakıda Azərbaycan Respublikası Karate Federasiyasının və “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə beynəlxalq turnirdə yekun nəticəyə əsasən oğlanlar arasında universitetin idman müəllimi Nicat Allahverdiyev +84 kiloqram çəki dərəcəsində karatenin kata növü üzrə yarışlarda fəxri kürsünün birinci pilləsinə yüksəlib, kumite üzrə üçüncü yeri tutub.

Rektor tələbələri təbrik edib və diplom və hədiyyələrlə mükafatlandırıb. Əlamətdar tarixi günlərlə əlaqədar keçirilən fakültələrarası, universitetlərarası bilik yarışmasında fərqlənən tələbələr də təltif olunanlar sırasında olub.