Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ İLƏ UKRAYNA UNİVERSİTETLƏRİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR

29.06.2018

Ukraynanın Xarkov şəhərində yerləşən  Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka, həmin universitetinin Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Qarayev Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+NİZAMİ VƏ ERASMUS+PETRA layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir.  Qeyd edilib ki, tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.

Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka slayd vasitəsilə öz universitetləri haqda danışıb. Bildirilib ki, Xarkov şəhərinin mərkəzində yerləşən universitet 1930-cu ildən fəaliyyət göstərir. Universitetdə təcrübi qaydada dərslərin keçirilməsi üçün mövcud laboratoriyalar haqda məlumat verilib. Vurğulanıb ki, ali təhsil ocağında mütəmadi olaraq müxtəlif növdə idman və mədəni-kütləvi yarışlar keçirilir.

Sonra hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə tələbə-müəllim mübadiləsi, təhsil, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə videokonfransların, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil və tədqiqat proyektlərinin birlikdə işlənməsi,  mədəni və idman tədbirlərinin keçirilməsi öz əksini tapıb. Elmi məqalələrin, monoqrafiyaların hazırlanması, universitetlərarası elmi məsləhətlər keçirilməsi, dərsliklərin hazırlanması üçün müəllimlərdən ibarət yaradıcılıq kollektivlərinin təşkili, təhsil-tədris proqramlarının hazırlanması, hər iki universitetin keçirdiyi tədbirlərə qarşılıqlı dəvət proqramı müqavilənin şərtlərinə daxildir.

Qeyd edək ki, universitetimiz bugun daha Ukraynanın Gömrük işləri və Maliyyə Universiteti, Nizin Qoqol adına Ukrayna Dövlət Universiteti ilə də müqavilə imzalayıb.

Ukraynanın Xersonsk Milli Texniki Universiteti ilə müqavilə sabah imzalanacaq.