Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏLƏRİ TÜRKİYƏDƏ TƏCRÜBƏLƏRİNİ UĞURLA BAŞA VURUBLAR

19.07.2018

 

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq universitetin  tibb fakültəsinin tələbələri Türkiyədə yay istehsalat təcrübəsi keçiblər.

Türkiyənin 4 universitetində: Ərzurum Atatürk Universiteti, Trabzon Qaradəniz Texnik Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Kayseri Erciyes Universitetinin kliniki xəstəxanalarında iyulun 2-dən 13-ə qədər davam edən təcrübədə  ümumilikdə 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr hər gün saat 09:00 dan 17:00 dək qruplar üzrə Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Ginekologiya və Terapiya bölümlərində qrafik üzrə praktiki məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin Oftalmologiya, Qulaq-burun-boğaz, Dermatologiya ixtisasları üzrə rezident-həkimləri ixtisaslarına uygun olaraq müayinə-müalicə proseslərində iştirak edib, öz bilik və bacarıqlarını artırıblar. Xəstələrin müayinəsində də iştirak edən tələbələr həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər. Rezidentlər isə Kadiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti ilə müqaviləyə əsasən tələbələr bu il ilk dəfə olaraq Trabzon şəhərində təcrübə kursu keçiblər. Hər iki universitet arasında qarşılıqlı razılaşmaya əsasən həmin universitetinin  Tibb, Əczaçılıq və Stomatologiya fakültələrinin professor-müəllim heyətinin növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində dərs demələri üçün qarşılıqlı anlaşma əldə edilib. Tələbələr təcrübə dövründə eyni zamanda olduqları şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı əldə  ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələr Ərzincan valisi və Ərzincanın Sağlıq Müdiri ilə görüşüb, keçdikləri istehsalat təcrübəsi Ərzincanın “Gündem 24” rəsmi qəzetində və televiziyasında işıqlandırılıb.

Məlumat üçün onu da bildirək ki, universitetin Baytarlıq ixtisasının tələbələri hal-hazırda Qars Qafqaz Universitetində təcrübə kursu keçirlər.

Universitetlərarası qarşılıqlı əlaqə, təcrübə mübadiləsi tələbələrin gələcəkdə bilik və bacarıqlarının artırılmasında, yüksək ixtisaslı kadr kimi formalaşmasında mühüm əhəmiyyətə malikdir.