Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ “BAYTARLIQ” İXTİSASININ TƏLƏBƏLƏRİ QARS QAFQAZ UNİVERSİTETİNDƏ TƏCRÜBƏ KURSU KEÇİBLƏR

24.07.2018

 

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Baytarlıq” ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində bir həftəlik təcrübə kursu keçiblər. Baytarlıq fakültəsinin dekan əvəzi, dosent Sadiq Yayla və dekan müavini dosent Səmra Kaya  2 müəllim, 7 tələbənin iştirak etdiyi nümayəndə heyətini qəbul edərək klinik təcrübənin keçirilmə planına uyğun olaraq tələbələri qaramal və qoyun saxlanılan binalar, sağım sexi, yem tədarükü məntəqəsi, laboratoriya heyvanları şöbəsi ilə tanış ediblər.

İlk öncə klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə Cərrahiyyə kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların təsbiti, müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verdikdən sonra  cərrahiyə praktikasında istifadə olunan müxtəlif  növ tikiş üsulları haqda danışıb.  Tələbələr cərrahların iştirakı ilə it və pişiklərin axtalanması -qısırlaşdırılması, bağırsaq keçməzliyi, zədə almış heyvanın müalicəsi, ayaqlarda olan şişin kəsilməsi və həmin nahiyəyə toxuma köçürülməsi, buzovun göbək ciyəsinin kəsilməsi və qanaxmanın dayandırılması və s. əməliyyatlarda iştirak ediblər.

Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsi ilə heyvanlardan qan alınması və sonradan onun sentrifuqada fırladılaraq fraksiyalara bölünməsi, heyvanlara müxtəlif  üsullarla dəman maddələrinin yeridilməsi  texnikası və s. öyrədilib.

Təcrübi proseslərdə yaxından iştirak edən tələbələr ixtisas fənlərinə dair kitabların bir qismini universitetimizə gətirməyə nail olublar. Epizootologiya və ekspertiza fənlərinə dair ədəbiyyat və Qafqaz Universiteti Baytarlıq fakültəsi jurnalının 2017-2018-ci il buraxılışlarının universitetimizə gətirilməsi qazanılan təcrübənin elmi  cəhətdən tətbiqinə də şərait yaradacaq.