Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB

28.08.2018


Naxçıvan Dövlət Universitetində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclası giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız­-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığının diqqətdə saxlanılması barədə tapşırığı universitet əməkdaşlarının diqqətinə çatdırıb. Qeyd edilib ki, hər il payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələr yeni tədris ilinin başlanğıcından etibarən bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz hasilatı, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması  universitetin də bu sarıdan rahatlığına təminat yaradır.

Universitetdə müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir-deyən rektor onu da əlavə edib ki, universitetin bütün korpuslarında quraşdırılan elektron lövhələrin sazlığı daim yoxlanılmalı, dərslərin müvafiq cədvəl bölgüsünə uyğun olaraq həmin otaqlarda keçirilməsinə şərait yaradılmalıdır.

Təsərrüfat və xidmət şöbəsinin müdiri Araz Zalov müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışaraq hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsinin soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılması məqsədi daşıdığını deyib.  Universitetdə qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışan şöbə müdiri qeyd edib ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizatı, su və kanalizasiya xətlərinin vəziyyəti, otaqlarda elektron lövhələrin sazlığı yoxlanılıb, dərs ilinin başlanğıcına qədər natamam işlərin vaxtında başa çatdırılması nəzərdə tutulub.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.