Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 15 SENTYABR BİLİK GÜNÜ QEYD OLUNUB

15.09.2018

 

Naxçıvan Dövlət Universitetində 15 sentyabr Bilik günü qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra universitetin tanıtım filmi nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə qonaq olan Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin rektoru Peyami Battal və prorektoru Əhməd Kazankaya, Türkiyənin İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Almanı salamlayıb və qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verib.

Van Yüzüncü İl Universitetinin rektoru Peyami Battal təmsil etdiyi universitet haqda danışıb. Qeyd olunub ki, 1982-ci ildə Türkiyə respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün 100 illik yubileyi münasibətilə yaradılan universitetin Türkiyə universitetləri arasında xüsusi yeri və mövqeyi var. Rektor 17 fakültəsi, beş institutu, dörd məktəbi, bir konservatoriyası, 43 tədqiqat mərkəzi olan universitetin fəaliyyət istiqamətləri, fakültə və bölümləri, tədris prosesi, müəllim və tələbələri, idarəetmə strukturları barədə məlumat verib.

Türkiyənin İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma 7 fakültə ilə tələbə qəbulu həyata keçirən İğdır universiteti haqda danışıb. Bildirilib ki, bu ilki qəbul planında 400-ə yaxın xarici tələbənin də qəbul olduğu universitetdə 8000-dən çox tələbə təhsil alacaq. Vurğulanıb ki, universitetdə 7 doktorant, 24 magistr proqramı mövcuddur ki, bunlardan hər bir xarici tələbə də faydalana bilər.

Qonaqlar tələbə adını qazanan hər bir gənci təbrik edib. Sonra hər iki universitetin rektorlarının Naxçıvan Dövlət Universitetinin rektoruna hədiyyəsi təqdim olunub.

Tədbirdə  birinci kurs tələbələri adından 687 balla universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Xarici dil müəllimliyi-İngilis dili ixtisasına qəbul olmuş, Prezident təqaüdçüsü  Zübeydə Zeynalova  çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib. Göstərilən yüksək etimadı təhsildə qazanacağı uğurlarla dolduracağına əminliyini ifadə edib.

Sonra 600-dən yüksək balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.

Tədbirdən sonra hər üç universitetin rektorlarıyla birgə qarşılıqlı görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıqdan danışıb. Elm, təhsil sahəsində qardaş ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayan rektor Mövlana mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal səmimi görüşə görə təşəkkürünü bildirib. Sonra Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi və “Mövlana mübadilə Proqramı” çərçivəsində protokol imzalanıb. Əməkdaşlıq çərçivəsində imzalanmış sənədlərdə əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, birgə konfrans və simpoziumların təşkili və s. məsələlər öz əksini tapıb.

Qeyd edək ki, protokolun məqsədi bənzər sosial və mədəni çevrəyə malik olan iki ölkənin universitetləri olaraq təhsil, elm, mədəniyyət, kənd təsərrüfatı, incəsənət sahəsində birgə layihələr, kənd təsərrüfatı, heyvandarlıq, mühəndislik sahəsində elmi nəşrlər, tədqiqi araşdırmalar aparmaq, bundan başqa hər bir sahədə tələbə-müəllim mübadiləsi həyata keçirmək,  ümumi elmi görüşlər aparmaq, konfranslar,  simpoziumlar təşkil etmək, idman sahəsində müxtəlif yarışların keçirilməsinə nail olmaqdır.