Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

AVROPALI QONAQLAR NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUBLAR

24.09.2018


Naxçıvanda “Avropa Günləri”nin keçirilməsi ilə əlaqədar muxtar respublikamıza gələn qonaqların bir qrupunun iştirakı ilə Naxçıvan Dövlət Universitetində görüş keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirin əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, müəllim və tələbə mobilliyi həyata keçirir. 

 

Erasmus+ Milli ofisinin rəhbəri  Pərviz Bağırov bildirib ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və Avropa təhsil sisteminin formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Avropa təhsil sistemini özündə əks etdirən Erasmus+ proqramlarının mühüm əhəmiyyəti var. Qeyd edilib ki, Erasmus proqramları Avropada ali təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyan, universitetlər arasında ölkələrarası işbirliyini formalaşdırmağa çalışan ən böyük Avropa İttifaqı proqramıdır. 1987-ci ildə yaranmış, Avropa birliyinin layihəsi olan proqram 2014-cü ilin yanvar ayında başlanmış təhsil, təlim, gənclik və idman üçün bütün Avropa Birliyinin hazırkı sxemlərini birləşdirir. Vurğulanıb ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+proqramları Azərbaycan da daxil olmaqla 33 ölkəni əhatə edir.  Yarandığı dövrdən bugünədək 1,5 milyondan artıq ali təhsil alan insan bu proqram vasitəsilə müxtəlif ölkələrə getmə şansı qazanıb. Diqqətə çatdırılıb ki, qısa müddətli (3aydan 12 aya), uzunmüddətli (2 il ərzində) olmaqla, hər il  800- ə yaxın tələbə müxtəlif Avropa ölkələrində təhsillərini davam etdirirlər. Sonra tələbə və müəllimlərin sualları cavablandırılıb. Avropa birliyinin Azərbaycandakı gənc səfirləri tələbələrə oxuduqları xarici ölkə universitetləri, gənc səfir olmaq üçün müəyyənləşdirilmiş yaş həddi haqda məlumat verib. Bildirilib ki,  gənc səfir üçün yaş həddi 15 yaşdan 28 yaşa qədər müəyyənləşdirilib.  

 

Qeyd edək ki, universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün dil kursları da təşkil olunub. Kurslarda tələbələrə alman, ispan, italyan, yunan, ingilis dillərində dərslər keçirilib, tələbələrin bilikləri yoxlanılıb. Kursda dilin spesifikası, tələffüzü, xarici dillərdə istifadə olunan sözlər, həmçinin xarici ölkələrin mədəniyyəti, adət-ənənələri barədə məlumatlar verilib. 

 

 

Universitetin İncəsənət fakültəsində keçirilən növbəti görüş xarici ölkə səfirləri və diplomatlarının iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Birliyi haqda məlumat verib.  Bildirilib ki, 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat ittifaqın təməli 18 aprel 1951-ci ildə Paris müqaviləsinə əsasən Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qoyulub. Qeyd edilib ki, təşkilatın mərkəzi qərargahı Brüssel şəhərində yerləşən AB özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Sonra Kestutis Yankauskas Bolqarıstan, Litva, Finlandiya, Xorvatiya, Yunanıstan, Çex, İtaliya səfirlik və diplomatik nümayəndələrini kürsüyə dəvət edib. Hər bir səfir və diplomatik nümayəndəlik öz ölkələri haqda maraqlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra tələbələrə Oskar mükafatına layiq görülən qısa metrajlı “Mindenki” filmi təqdim edilib.