Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİNİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN HÜQUQ ÜZRƏ MƏSLƏHƏTÇİLƏRİ NDU-DA OLUB

04.10.2018


Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqda mühazirə demək üçün cəmiyyətin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetinə dəvət edilib. İki gün davam edən mühazirələrdə tələbələrə dünyanın 80-dən çox ölkəsində  humanitar məqsədlə fəaliyyət göstərən təşkilat haqda məlumat verilib. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən  hərəkat Beynəlxalq Qızıl Xaç Komitəsi, 190 Qızıl Xaç və Qızıl Aypara (QXQA) Cəmiyyətindən və QXQA Cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. Bildirilib ki, 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyalarının və beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsasında durur, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır. Hərəkatın missiyası, harada olmasından asılı olmayaraq, xüsusilə də silahlı münaqişə və digər fəlakətlər zamanı, insan əziyyətlərinin qarşısını almaq və azaltmaq, həyat və sağlamlığı qorumaq və insana hörməti təmin etməkdir. Mühazirənin ilk günündə əsas diqqət komitənin Azərbaycandakı fəaliyyətinə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığına həsr olunub. 

Mühazirənin ikinci günündə Beynəlxalq Humanitar Hüquq haqda danışılıb. Bildirilib ki, məqsədi silahlı münaqişənin təsirini azaltmaq olan qaydalar toplusundan ibarət olan humanitar hüquq müharibə zamanı insanların təhlükəsizlik və ləyaqətinin qorunmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətin sərəncamında olan ən güclü vasitələrdən biridir. O, hətta müharibədə də məhdudiyyətlərin olması prinsipini əldə tutaraq humanistliyi saxlamağa çalışır. Natiq beynəlxalq hüququn nə dərəcədə vacibliyindən, rolundan və nə zaman tətbiq olunduğundan danışıb. “Müharibə qanunları” qısametrajlı film nümayiş olunub. Qarşılıqlı fikir mübadiləsi  şəklində təşkil edilən mühazirələrdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları dinlənilib.