Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLİB

01.11.2018

 

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qəmbərovun “Yüksək dağ bitki komplekslərinin ekoloji problemləri”  adlı elmi-nəzəri seminarı keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  müasir dövrdə atmosferin ozon qatının dağılması, iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdəndir. Zaman keçdikcə qeyd olunan bu problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha aktuallaşır.

Biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qəmbərov vurğulayıb ki, Naxçıvan MR-in kəskin kontinental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərib və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olub. Yüksək dağlıq sahənin kəskin iqlim şəraiti, sutka daxilində temperaturun böyük amplituda fərqi, soyuq küləklər, vegetasiya dövrünün qısalığı alp bitkilərinə öz güclü təsirini göstərib  və onlar bu şəraitdə davam gətirmək üçün bir qədər uyğunlaşıblar. Bu bitkilərin boyu çox qısa olub yerə yayılıb və kökləri vasitəsilə yerə bərk yapışıblar.

Sonda müəllimlərin mövzu ilə sualları cavablandırılıb, mövzu və təkliflərə dəyərləndirilib.