Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “MƏN DƏ PROQRAMÇI OLMAQ İSTƏYİRƏM” ADLI TƏLİM KEÇİRİLİB

01.11.2018

 

 Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Optimal Qrup” MMC-in əməkdaşları Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşüb.

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov akkumulyativ bir proses olan proqramçılıq üçün  illərcə təcrübə və biliklərin toplanmasının vacibliyini qeyd edib. Bu cür təlimlərin keçirilməsinin tələbələrin intellektual cəhətdən inkişaf etməsinə təsirini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin şöbə müdiri Tahir Məmmədli təlimin məqsədinin gənclər arasında proqramlaşdırmaya marağın artırılması, bu sahənin təbliği, gənclərin proqramlaşdırma, alqoritmik düşüncə, müxtəlif proqramlaşdırma dilləri arasındakı fərqlərlə tanışlıq, bu istiqamətdə fikir mübadiləsinin aparılması və proqramlaşma üzrə ixtisaslaşmaq istəyən gənclərə dəstək göstərilməsindən ibarət olduğu bildirilib.

“Optimal Qrup” MMC-in şirkətinin direktoru Murad Rüstəmov “Optimal Qrup” MMC-nin missiyasından danışaraq bildirib ki, missiyamız həcmindən asılı olmayaraq hər növ təşkilatlara, şirkətlərə və biznes sahiblərinə hərtərəfli mühasibatlıq uçotu və kadr uçotu göstərmək və onların əməkdaşlarına mükəmməl işçi üstünlükləri ilə təmin etməkdir. Qeyd olunub ki, “Optimal Qrup” MMC şirkəti kiçik, yaxud orta və ya iri həcmli biznesə malik olmasından asılı olmayaraq, fərdi sahibkarlara, şirkət və müəssisələrə əsaslanan xidmətlər göstərir.

Təlimin aparıcıları Mehdi Məmmədov və İsmayıl Şirzadov tələbələrə Proqramlaşdırma nədir? Proqramlaşdırma bizə nə üçün lazımdır? Günümüzdə proqramlaşdırma dilinə nə kimi tələblər var? Proqramlaşdırmanı öyrəndikdən sonra nə əldə edə bilərik? sualları əsasında təlim keçiriblər. Tədbirdə slayd və videoçarx da nümayiş olunub.

Sonda aktiv iştirakçılar hər iki təşkilatın sertifikatları ilə təltif olunublar.