Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLİB

05.11.2018

 

Naxçıvan Dövlət Universiteti Tibb Fakultəsinin Klinik Xəstəxanasında “Gənclərin sağlam həyat tərzi milli genofondumuzun əsasıdır” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq gənclərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası istiqamətində görülən işlərdən bəhs edib.

Fakultənin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Gənclərə sağlam həyat tərzinin aşılanması” mövzusunda danışaraq yeniyetmə gənclərin sağlamlığının valideynlərinin sağlamlığından, uşaqlıq dövründə keçirdikləri xəstəliklərdən, qidalanma pozğunluğundan, qoruyucu peyvəndlərin alınmaması və sosial, psixoloji vəziyyətlərdən asılı olduğunu vurğulayıb.

“Gənclərin inkişafında sağlam qidalanmanın rolu” mövzusunda çıxış edən kafedranın müəllimi Sara Rəhimli qeyri-düzgün qidalanmanın körpə və uşaqlara, gənclərə, reproduktiv yaşda olan qadınlara, hamilə və laktasiya dövründəki analara və s. şəxslərə birbaşa mənfi təsir etdiyini bildirib.


“Müalicə işi” ixtisası üzrə V kurs tələbəsi Bənövşə Qasımova “Düzgün həyat tərzi və vaxtın idarə olunması” mövzusunda çıxış edərək vaxtın düzgün idarə edə bilməməyin səbəblərindən söhbət açıb. Nəzərə çatdırılıb ki, qərarsızlıq, nə istədiyini bilməmək, internet asılılığı, televizora bağlılıq, məsuliyyətsizlik, tənbəllik və s. kimi amillər vaxtın düzgün idarə olunmamasının ən başlıca göstəriciləridir.

Sonda mövzu ətrafında müzakirələr edilib.