Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 6 NOYABR - RADİO VƏ TELEVİZİYA İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNUB

06.11.2018

 

Naxçıvan Dövlət Universitetində 6 Noyabr-Radio və televiziya işçilərinin peşə bayramına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoyub. Rektor muxtar respublikada fəaliyyət göstərən televiziya və radioların fəaliyyətindən danışıb. Jurnalist kadrların hazırlanmasında universitet televiziyasının fəaliyyətini önə çəkən rektor bu ixtisas üzrə təhsil alan tələbələrin təcrübi dərslərinin keçirilməsində universitetin Media Mərkəzinin rolunu yüksək qiymətləndirib  Diqqətə çatdırılıb ki, studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan Univesitet televiziyası Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə ən son texniki avadanlıqlarla təchiz edilib.

“Radioyayımın təşəkkülü” adlı çıxışında Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Muxtar respublikada isə radio məlumat idarəsi 1929-cu ildə yaradılsa da, müntəzəm verilişlərə isə 1931-ci ildən başlanılıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsinin yaradılması isə 1932-ci ilə təsadüf edir. Çıxışda 27 aprel 2006-cı il tarixdən etibarən fəaliyyət göstərən Universitet televiziyası, “20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlayan “Nuhçıxan” radiosu haqda məlumat verilib.

Universitetin Media mərkəzinin jurnalist tələbələrin yetişməsində rolu Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Xuraman Rəhimovanın çıxışında qiymətləndirilib.  Bildirilib ki,  yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarət olan radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. Vurğulanıb ki, gələcəyin jurnalistləri olacaq tələbələr üçün əsl formalaşma məktəbi olan “Nuhçıxan “radiosu universitetlə yanaşı 5 km ərazidə də yayımlanır.

Tədbirdə universitetin Media Mərkəzinin fəaliyyətinin əks olunduğu slayd da nümayiş olunub.