Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 9 NOYABR-BAYRAQ GÜNÜ QEYD OLUNUB

07.11.2018

 

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində 9 Noyabr-Bayraq gününə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Məhz Ulu Öndər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında müstəqiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib. Vurğulanıb ki, 1991-ci ildə Azərbaycan Respublikası Dövlət müstəqiliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Hüquq fənləri kafedrasının müəllimi Tofiq Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında"  2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən  Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılmasından danışıb.  Vurğulanıb ki, 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayan muzey səkkizguşəli ulduz formasında inşa olunub. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir.

Tarix müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Səriyyə Əliyeva Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün” təsis edilməsi haqqında sərəncamını xatırladıb. Diqqətə çatdırılıb ki, bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikası Dövlət Bayrağı günü kimi qeyd edilir.

Tədbir universitetin İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib. İfa olunan mahnı və rəqslər tamaşaçılarda xoş ovqat yaradıb.