Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA 9 NOYABR-BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ BƏDİİ QİRAƏT MÜSABİQƏSİ KEÇİRİLİB

07.11.2018

 

Naxçıvan Dövlət Universitetində 9 noyabr-Bayraq gününə həsr olunmuş fakültələrarası bədii qiraət müsabiqəsi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq 9 Noyabr-Dövlət Bayrağı Gününü xalqımız və dövlətimiz  üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib. Qeyd edilib ki, 1918-ci ildən 100 il keçməsinə baxmayaraq  “Bir daha yüksələn bayraq bir daha enməz” şüarını ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında Naxçıvanda həyata keçirib. Rektor vurğulayıb ki, bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, ölkə prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif Hüseynov 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladıb. Vurğulanıb ki, həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Ondan çox tələbənin qatıldığı müsabiqədə Azərbaycan bayrağına həsr edilən şeirlərin  bədii qiraəti dinlənilib. Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Nuray Quliyeva müsabiqənin qalibi olub. İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Səma Xəlilli II, Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi Samir Qəhrəmanov isə III yerə layiq görülüb. Tədbirin sonunda qaliblər universitetin fəxri fərmanı ilə təltif olunublar. Digər iştirakçılar isə həvəsləndirici yerə layiq görülüb.