Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“AZERCELL TELEKOM” MMC İN HƏYATA KEÇİRDİYİ TƏQAÜD PROQRAMININ İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLİB

26.11.2018

Naxçıvan Dövlət Universitetində təşkil olunan görüşdə “Azercell Telekom” MMC  İnsan resursları departamentinin nümayəndələri proqramın mahiyyəti və ondan  yararlanmağın yollarını izah ediblər.

Təqaüd proqramı haqqında ətraflı məlumat verən  “Azercell”in əməkdaşları bildiriblər ki, bu əhəmiyyətli Təqaüd proqramını həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

Şirkətin nümayəndələri həmçinin qeyd ediblər ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı Bakı, Bölgə, Sabah olaraq 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Diqqətə çatdırılıb ki, ərizələr yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar.

Sonra ikinci mərhələnin şərtləri açıqlanıb. 15-i riyaziyyat, 15-i ingilis dilindən tərtib olunan suallar tələbələrə yazılı formada təqdim olunub. Yarışda iştirak etmək istəyən tələbələrin şəxsiyyət vəsiqələri yoxlanılıb. Qeyd olunub ki, bu il Naxçıvan şəhərindən 31 nəfər müsabiqənin birinci mərhələsindən uğurla keçib. Bu tələbələrin 30 nəfəri Naxçıvan Dövlət Universitetinin, 1 nəfəri isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir. 1 saat davam edən imtahanın nəticələri müsabiqəni keçmiş tələbələrə “Azercell Telekom” MMC əməkdaşları tərəfindən onlayn formada göndəriləcək.