Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA SEMİNAR TƏŞKİL OLUNUB

27.11.2018

Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə tədrisi  kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Vladimirovna Brızqalina Naxçıvan Dövlət Universitetinə iki günlük mühazirə demək üçün dəvət olunub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən mühazirələrin hər biri 90 dəqiqə olmaqla iki gün davam edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd olunub ki,  universitetimizə mühazirə demək üçün xaricdən mütəxəssislər tez-tez dəvət olunur. Bu cür görüşlərin keçirilməsi tələbələrin nəzəri biliklərinin daha da genişləndirilməsinə imkan yaradır.

Mühazirənin birinci günündə “XXI əsr elminin xüsusiyyətləri: fəlsəfə aspektləri” mövzusundan bəhs edilib. XXI əsrdə elmin texnikanın inkişafı ilə bağlı elm qarşısında duran vəzifələr, yeni dövrdə elmin başlıca məqsədləri, cəmiyyətin tənzimləməsindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə ön planda dünya haqqında obyektiv biliklərin toplanması tələbi artır, həqiqi biliklərin əldə olunması yolları müəyyən olunur. Nəzəri-nöqteyi nəzərdən dünyaya bütöv bir varlıq kimi baxılması, fəlsəfə elmi çərçivəsində cəmiyyət və təbiət haqqında bütöv məlumatların ümumiləşdirilməsi məsələsi durur.

“Müasir universitet müəllimlərinin və tələbələrin fəlsəfi düşüncələri” adlanan mühazirədə universitet təhsili xüsusiyyətləri, məqsədi, vəzifələri, cəmiyyətin müxtəlif sahələrində tətbiqi vurğulanıb. Nəzərə çatdırılıb ki, müəllim-tələbə ünsiyyəti, tələbələri müasir dövrün tələblərinə uyğun səviyyədə hazırlamaq, müəllim və tələbələrin öz üzərində çalışma metodları, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək gələcək üçün savadlı kadr yetişməsinin ən başlıca göstəricisidir.

Yelena Vladimirovna Brızqalina Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbində olaraq müəllim və şagirdlər ilə görüşüb, şagirdlərin vətənpərvərlik ruhunda səsləndirdiyi şerləri dinləyib. Qeyd olunub ki, muxtar respublikada rus dili yüksək səviyyədə tədris olunur. Universitet şəhərciyini gəzən xanım buranın maddi-texniki bazası,  Media Mərkəzi, korpuslar ilə tanış olub, tələbələrin səliqəli və vahid formada olmalarının bəxş etdiyi xoş auradan danışıb.

Naxçıvan şəhəri ilə tanışlıq müddətində Mömünə Xatun Türbəsi, Xan Sarayı, Açıq səma altında muzey və Duzdağ fizioterapiya mərkəzində olan qonaq Naxçıvanın gözəlliyinə heyran olduğunu dilə gətirib, buranın tarixi abidələrlə zəngin qədim şəhər olduğunu qeyd edib.