Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “QİÇS: YAYILMASI VƏ PROFİLAKTİKASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB.

29.11.2018

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr edilmiş “QİÇS: yayılması və profilaktikası” adlı dəyirmi masa keçirilib.

Tədris şöbəsinin müdiri Şahin Əliyev tədbiri giriş sözü ilə açaraq xəstəlik, onun yaranma arealı haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu xəstəlik daha çox zərərli vərdişlərin təsirindən yaranır.

Tibbi klinik fənlər kafedrasının müəllimi Abbas Əliyev “HİV virusu-kliniki əlamətləri və yayılma yolları”ndan bəhs edib. Nəzərə çatdırılıb ki, HİV-yə yoluxmuş insanların 50 faizdən çox hissəsində həyat boyu yaddaş zəifliyi və depressiya kimi simptomların yaranma səbəbləri müəyyən edilib. Bildirilib ki, insanlar QİÇS-ə səbəb olan HİV virusuna yoluxan kimi virus qan damarları vasitəsilə beyinə gedir. Bu isə öz növbəsində neyronların davamlı şəkildə məhv olmasına və nəticədə beyinin öz funksiyasını itirərək yaddaş zəifliyi sindromunun yaranmasına yol açır.

Tibbi klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “QİÇS-in dünyada yayılma vəziyyəti, profilaktikası və müalicəsi” mövzusunda çıxış edərək sindromun əlamətlərinin tez-tez təkrarlanan diş əti qanaması, diş əti iltihabı və periodontal xəstəliklər olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, müalicəsi bəlli olmayan QİÇS-ə yoluxma və ondan ölüm halları hər il çoxalsa da, xəstəliyin müalicəsi hələ ki yoxdur. Müəyyən müalicə üsulları ilə xəstəliyə səbəb olan virusu dayandırmaq mümkün olur, amma orqanizmdən tamamilə çıxarmaq qeyri-mümkündür.

Tədbir diskussiya şəklində davam edib. Burada tələbələri maraqlandıran suallar cavablandırılıb.