Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ÜMUMMİLLİ LİDER XATİRƏSİ XARİCİ TƏLƏBƏLƏRLƏ BİRGƏ YAD EDİLİB

06.12.2018

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Xarici tələbələrlə iş üzrə dekanlığın hazırladığı tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xarici  tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək. Rektor, ulu öndərin ideyalarının Azərbaycanda, o cümlədən muxtar respublikadakı uğurlarından bəhs edərək tələbə-gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə və yaşatmağa çağırıb.


“Xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsili” adlı çıxışında Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva qeyd edib ki, universitetdə hazırda 486 nəfər xarici tələbə təhsil alır. Türkiyə, İran, Nigeriya, Banqladeş, Qana və Gürcüstandan olan tələbələrdən 254-nəfəri universitetin hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Ali təhsil ocağında xarici tələbələr üçün mövcud şəraiti dəyərləndirən dekan bildirib ki, tələbələr universitetdən kənarda da keçirilən tədbirlərdə fəal iştirak edib diplom və mükafatlara layiq görülürlər. Diqqətə çatdırılıb ki, muzeylərə təşkil edilən ekskursiyalarda vaxtaşırı olaraq xarici tələbələrin də iştirakı təmin olunur.


Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Şehriban Sarıhan “Ümummilli lider Heydər Əliyev xarici tələbələrin gözü ilə” adlı çıxışında ulu öndəri türk dünyasının böyük lideri Mustafa Kamal Atatürklə eyniləşdirib. Ulu öndərin gənclər siyasətindən söhbət açan tələbə qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

Tədbir xarici tələbələrin ümummilli liderə həsr etdiyi bədii kompozisiya ilə davam edib. Tələbələrin bədii qiraəti, maraqlı musiqi nömrələri tədbiri daha yaddaqalan edib.