Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TÜRKİYƏ RESPUBLİKASININ ŞİMAL-ŞƏRQİ ANADOLU İNKİŞAF AGENTLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

17.12.2018

Türkiyə Respublikasının Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq ali təhsil ocağında görməkdən məmnunluğunu  ifadə edib. Qonaqlar universitetin kampusunu gəzərək, ali təhsil ocağın fakültələri ilə tanış olub. Sonra İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından maraqlanıblar.


Universitetin Media Mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Media mərkəzində olan qonaqlar Universitet televiziyasında verilişlərin hazırlanması prosesini izləyib, universitet televiziyası üçün müsahibə veriblər.


Universitet Elmi Şurasının 24 oktyabr 1995-ci il tarixli qərarı ilə universitetin nəzdində Naxçıvan Atatürk Araşdırma Mərkəzini ziyarət edən qonaqlara bildirilib ki, mərkəzin əsas fəaliyyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatı və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun timsalında Azərbaycanın yeni nəslində müstəqillik, dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.


İkitərəfli görüşdə rektor təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+,  Mövlana proqramı çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə  qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir. Universitetin Tibb fakültəsi və Baytarlıq ixtisası tələbələrinin qardaş ölkədə hər il təcrübə keçdikləri vurğulanıb.


Ərzurum valisi Okay Memiş səmimi qəbula görə öz təşəkkürünü bildirib. Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan vali əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.


Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı hər iki universitet arasında qarşlıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.