Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ NAXÇIVANLI ŞAİR VƏ YAZIÇILARLA GÖRÜŞ OLUB

19.12.2018

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarla görüş olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ədəbiyyat adamlarını salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor muxtar respublikada elmi mühitin inkişafı üçün hərtərəfli şəraitdən bəhrələnən yazarlarla  belə görüşlərin keçirilməsinin tələbələrin dünyagörüşündə əhəmiyyətli rol oynadığını vurğulayıb.
 
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühiti” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salaraq bildirib ki, birliyin indiyə kimi 30-a yaxın almanaxı dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Vurğulanıb ki, Sovetlər Birliyi dönəmində Naxçıvan Yazıçılar Birliyinin cəmi 11-12 üzvü olduğu halda, indi Birlik üzvlərinin sayə 70-nəfərə çatıb. Bu da bir daha onu göstərir ki, indi ədəbiyyat adamlarına daha çox qayğı göstərilir, onların yazıb-yaratması üçün hər cür imkan və şərait yaradılır.
 
Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvi, Həsənali Eyvazlı, Xanəli Kərimli, Şirməmməd Qulubəyli, Zeyqəm Vüqar, Muxtar Qasımzadə,  Elxan Yurdoğlu öz şeirlərini bədii qiraət ediblər.

Tədbirdə Tarix-Filologiya fakültəsinin tələbələri özlərinin müəllifi olduğu şeirləri səsləndiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri