Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ ELMİ KİTABXANASININ 50 İLLİK YUBİLEYİ QEYD OLUNUB

20.12.2018

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Universitetin Elmi Kitabxanasının 50 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1968-ci aprel ayında fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Rektor 2004-cü ildə universitetin kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə  göstərilən yüksək diqqət və qayğı kimi dəyərləndirib. Bildirilib ki, muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu zənginləşdirilib, maddi-texniki bazası ən müasir tələbələr səviyyəsində qurulub.


“Yarım əsrlik elm məbədi” adlı çıxışında Elmi Kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, 170 mindən artıq kitab fondu olan kitabxananın elmi kataloqlaşdırma, xidmət və fondun mühafizəsi, avtomatlaşdırma və kitabişləmə şöbəsi, həmçinin 9 fond və 10 oxu zalı mövcuddur. Vurğulanıb ki, humanitar elmlər fondunda 30, dəqiq və texniki elmlər fondunda 15, filologiya elmlər fondunda 70, xarici ədəbiyyat fondunda 80, dövri mətbuat fondunda 22, depozitar fondda isə 20 mindən artıq çap materialı qorunub mühafizə olunur. Diqqətə çatdırılıb ki, 2013-cü ildə yaradılan elektron kitabxanada bu günə qədər 4 mindən artıq kitabın elektron PDF-i və 40 mindən artıq elektron kataloq artıq  lib.ndu.edu.az saytı vasitəsilə oxucuların istifadəsinə buraxılıb.


 Ümumilikdə 20 minə yaxın oxucusu olan kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri də təşkil olunur. Bildirilib ki, kitabxananın nəzdində 1997-ci ildə Heydər Əliyev Universiteti Kitabxanası və lektoriyasının yaradılması ümummilli liderin həyatının və siyasi fəaliyyətinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Müntəzəm oxucu kontingentinin cəlb olunması istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın mütəmadi olaraq müzakirə olunduğu dəyirmi masaların əhəmiyyəti vurğulanıb.


“Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Könül Seyidova “Müasir gənclik və mütaliəyə maraq” adlı çıxışında gənc nəslin dünyagörüşünün formalaşmasında kitabların, mütaliənin əsas rol oynadığını qeyd edib.
Kitabxananın əməkdaşları, kitabxanadan müntəzəm istifadə edən müəllim və tələbələr fəxri fərmanlarla təltif ediliblər.  


Tədbir universitetin İncəsənət fakültəsi tələbələrinin ifasında musiqi nömrələri ilə davam edib. Tələbə teatr studiyasının hazırladığı ədəbi-bədii kompozisiya tədbiri daha yaddaqalan edib.
Sonda kitabxananın 50 illik fəaliyyətini özündə əks etdirən universitet televiziyasının hazırladığı videoçarx nümayiş olunub.