Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA HESABAT KONSERTLƏRİNİN KEÇİRİLMƏSİ DAVAM ETDİRİLİR

26.12.2018

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi “Musiqi təlimi” kafedrasının hesabat konserti təşkil olunub.
 
Kafedranın müdiri, dosent İsmayıl Mürsəlov çıxış edərək, tələbələrin musiqi hazırlığı, səhnə mədəniyyəti və perfomansı, ifa tərzi ilə bağlı dəyərli tövsiyələrini tələbələrə çatdırıb.
Fakültə daxilində digər musiqi ixtisasları da daxil olmaqla hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ramiz Mirişlinin “Bir xumar baxışla”, Tofiq Quliyevin “Axşam mahnısı”, Emin Sabitoğlunun “Payız gəldi”, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasından “Gülçöhrənin naləsi” və bir-birindən dəyərli kompozisiyalar nümayiş olunub.
 
     Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq elm adamlarının inkişafının pillə-pillə, sənət adamlarının inkişafının isə birdən-birə və anidən baş verdiyini diqqətə çatdırıb. Rektor çıxışında hesabat konsertlərinin təşkil olunmasının istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq qabiliyyətlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, “tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və tələbənin uğuru müəllimin uğurudur” - deyən rektor müəllimlərə bu əziyyətli bir o qədər də zövqverici işdə uğurlar arzulayıb.