Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

“BAYTARLIQ TƏBABƏTİ” KAFEDRASININ TƏŞKİLATÇILIĞI İLƏ “31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ” QEYD OLUNUB

27.12.2018

 

Naxçıvan Dövlət Universitetində “Baytarlıq təbabəti” kafedrasının təşkilatçılığı ilə “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı tədbir keçirilib.

 

Dövlət himni səsləndirildikdən sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dünya Azərbaycanlılarının  Həmrəylik gününün tarixi əhəmiyyəti haqqında danışıb. Vurğulanıb ki, bu günün qeyd olunması qərarı 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən qəbul olunub, 1993-cü ildən etibarən isə  ölkə miqyasında qeyd olunmağa başlanıb. Milli-mənəvi özünə qayıdışın, birliyin, azərbaycançılığın rəmzi olan bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən rektor səmimi və xoş arzularını bildirib. 

 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov çıxış edərək ulu öndərin səyi nəticəsində azərbaycançılıq, dövlətçilik ideyalarının təbliği, vətənpərvərlik ruhunun möhkəmlənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Baytarlıq kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını qeyd edib. Nəzərə çatdırılıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

 

Sonra Baytarlıq ixtisası tələbələrinin ifasında ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş edilib.