Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QEYD OLUNUB

28.12.2018

Naxçıvan Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.

 Vurğulanıb ki, Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edən-rektor bildirib ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır. Rektor  2018-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu il olduğunu, 2019-cu ildə isə qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.

Rektor əlamətdar tarixi gündə həmçinin, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsinin qalibi olan Naxçıvan Dövlət Universitetinin TGT-nın sədri Zümrüd Səfərovanı təbrik edib.
 
Universitetin İncəsənət  fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndirib. Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi  tədbirin rəngarəngliyinə səbəb olub. Sonda xatirə şəkli çəkdirilib.