Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN 2018-Cİ İLDƏ YERİNƏ YETİRDİYİ İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

09.01.2019

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələr və 2018-ci ildə görülmüş işlərlə bağlı çıxış edib. Qeyd olunub ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da  möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən ildə də davam etdirilib. Qeyd edilib ki, universitetin Tibb fakültəsinin korpusunda təmir və yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Rektor tədris bazasının daha da möhkəmləndirilməsi məqsədilə yeni fənn kabinələri və laboratoriyalarının qurulması, yaxud mövcud olanların zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, universitetin fakültələrinin hər birində təlimin keyfiyyətinin yüksəkdilməsinə, əyaniliyin möhkəmlənməsinə müsbət təsir göstərən texnologiyalardan istifadəyə geniş şərait yaradılıb.
Universitetin beynəlxalq əlaqələrindən danışan -rektor vurğulayıb ki,  ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+NİZAMİ VƏ ERASMUS+PETRA, Key Action  layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir. Ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas saymaları və  bu istiqamətdə tələbə mübadiləsini davam etdirdikləri diqqətə çatdırılıb.
 
Naxçıvan Dövlət Universitetinin 2018-ci ildə təhsil, elm və tərbiyə sahəsində yerinə yetirdiyi işlər və qarşıda duran vəzifələr barədə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, universitetdə hal-hazırda 12 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 60 ixtisas üzrə 5351 tələbə, magistratura üzrə 81 ixtisaslaşma üzrə 326 magistrant və doktorantura səviyyəsi üzrə 150 doktorant təhsil alır. Ötən ildə universitetin bakalavr səviyyəsinin əyani şöbə üzrə 791, qiyabi şöbə üzrə isə 342 nəfər, magistraturanı isə 100 nəfər başa vurub. 2018-ci ildə bakalavr pilləsinə 1049 nəfər, magistraturaya isə 157 nəfər qəbul olunub.
 
Qeyd edilib ki, 2018-2019-cu tədris ilində universitetin bakalavr üzrə Tarix, Biologiya, Fizika, Geologiya mühəndisliyi, magistr səviyyələri üzrə isə Beynəlxalq münasibətlər və diplomatiya, Şəhərsalma, Elektrik şəbəkələri və sistemləri, Dəmiryol təsərrüfatı və onun istismarı kimi yeni ixtisaslar üzrə tələbə qəbulu aparılıb.
 
Elmi işlər sahəsində də diqqətəlayiq irəliləyişin olduğunu vurğulayan- prorektor bildirib ki, müxtəlif elm sahələri üzrə 23 nəfər elmlər doktoru alimlik dərəcəsi, 128 nəfər, o cümlədən 2 əcnəbi dissertant fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya üzərində tədqiqat işləri aparıb. Universitet müəllimlərinin 15 monoqrafiyası, 7 dərsliyi, 27 dərs vəsaiti, 53 metodik vəsait və proqramı, 558 elmi məqaləsi və 29 tezisi çap olunub. 76 elmi məqalə, 10 tezis xaricdə dərc olunub ki, bu məqalələrdən 10-u impakt faktorlu jurnalların payına düşür. Hesabat dövrü ərzində 9 nəfər fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktoruluğu üzrə dissertasiya müdafiə edib.
 
Vurğulanıb ki, universitetin 36 nəfər müəllimi Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq, 51 nəfəri isə respublika və universitetmiqyaslı elmi konfranslarda məruzələr edib. Universitetin özündə isə 4 beynəlxalq, 4 respublika və 13 universitet səviyyəli konfranslar keçirilib.
 
Universitetdə tələbələrin elmi dünyagörüşünün artırılması istiqamətində Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti vurğulanıb. Universitet Elmi Kitabxanasının yeni kitablarla zənginləşdirildiyini qeyd edən-prorektor 19 dekabr 2018-ci il tarixdə kitabxananın 50 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.
 
Universitetin Beynəlxalq əlaqələri adlı çıxışında Beynəlxalq əlaqələr bölməsinin müdiri Müşərrəf Məmmədova vurğulayıb ki, göstərilən diqqət və qayğı nəticəsində müxtəlif vaxtlarda Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbər və təmsilçilərinin muxtar respublikaya səfərləri təşkil edilib və bu səfər çərçivəsində ali təhsil ocağında olan qonaqlar təmsil etdikləri universitetlər ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində müzakirələr ediblər. Bildirilib ki, hazırda universitetdə 486 xarici tələbə təhsil alır. Tələbələrdən 254 nəfəri hazırlıq kursunun dinləyicisi, 220 bakalavr, 10 magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir. Əcnəbi tələbələr Türkiyə, İran, Nigeriya, Qana və Gürcüstandandır.
 
Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Kərim Nəcəfov universitetin ictimai həyatında tələbələrin rolu adlı çıxışında tələbələrə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, keçirilən bütün idman yarışlarında və digər müxtəlif növ müsabiqələrdə universitet tələbələri fəallıq göstərib və məhz buna görə də ali təhsil ocağının Tələbə Gənclər təşkilatı muxtar respublikada ən qabaqcıl TGT adına layiq görülüb.
 
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri qeyd edən- rektor  ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb.