Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLİB

16.01.2019

Naxçıvan Dövlət Universitetində “Milli dəyərlərimizin qorunmasında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  qadınların cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunduqlarını və yüksək fəallıq nümayiş etdirdiklərini dilə gətirib. Qeyd olunub ki, bu cür tədbirlərin təşkili milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından olduqca əhəmiyyətlidir.

“Təməl tibb fənnləri” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kübra Cəfərova Azərbaycan qadınının tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynadığını bildirib. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olduğu vurğulanıb. Həkim və müəllim kimi tələbələrə tövsiyyələrini çatdırıb.

“İngilis dili və tərcümə” kafedrasının müdiri İlhamə Məmmədova 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunmasından bəhs edərək hələ cümhuriyyət dövründə ilk dəfə şərqdə qadınlara verilən seçki hüququndan danışıb.

Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.