Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

MUZEY GÜNLƏRİ” ÇƏRÇİVƏSİNDƏ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ŞAHTAXTİNSKİLƏRİN MUZEYİNDƏ OLUB

21.01.2019


Ziyarətçilərə məlumat verilib ki,  muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2010-cu il 9 fevral tarixli sərəncamına əsasən yaradılıb.  Muzeydə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar nümayiş olunur. Bildirilib ki, Azərbaycanda səhiyyənin, təhsilin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında bu nəslin xüsusi yeri və böyük rolu olub. Şahtaxtinskilər nəsli son iki əsr ərzində Azərbaycanın elmi və ictimai-siyasi mühitinə tanınmış diplomat, dövlət xadimi, beynəlxalq Moskva və Qars müqavilələrin bağlanmasında müstəsna xidmətləri olan Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtinski, Azərbaycanın dövlət xadimlərindən biri Həmid ağa Şahtaxtinski və görkəmli rəssam Elmira Şahtaxtisnkaya kimi şəxsiyyətlər bəxş edib.

Vurğulanıb ki,  iki ekzpozisiya, iki yardımçı otaq olan muzeydə  151 eksponat nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtinskinin anadan olmasının 160 illiyinin  qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında" 2006-cı il 27 fevral tarixli, "Şahtaxtinskilər muzeyinin yaradılması haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamları muzeyin  ekzpozisiyasında sərgilənir. Şahtaxtinskilər haqqında məlumatlar, onların nəsil şəcərəsi, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun  təəssürat yaradır. Muzeydə təkcə Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilərin deyil, tariximizin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərən və milləti, dövləti üçün mübarizə aparmış Şahtaxtinskilərin hamısı  haqqında materiallar toplanıb.