Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

25.01.2019

Naxçıvan Dövlət Universitetində “2 Fevral - Gənclər Gününə həsr olunmuş istedadlı tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda 30–a yaxın rəsm əsəri  nümayiş olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.

Sərgidən sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən konfransda çıxış edən rektor bildirib ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirildiyini nəzərə alaraq Ümummili Liderimiz Heydər əliyev 1 fevral 1997-ci  ildə “2 fevral-Azərbaycan Gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Tələbə Gənclər Təşkilatının sədri, İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova 2018-ci il 31 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 nəfər gənc arasında öz adının olmasını ümumən muxtar respublika gəncliyinə verilən dəyərli töhfə kimi dəyərləndirib. Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsində Naxçıvan Dövlət Universiteti TGT-nın qalib olması bu  istiqamətdə formalaşan münbit şəraitin bəhrəsidir.
 
Bədən tərbiyəsi və idman ixtisasının qiyabi şöbə üzrə V kurs tələbəsi Əhməd Əhmədov  tələbə -gənclərə göstərilən dövlət dəstəyindən danışıb.

Sonda əlamətdar tarixi gün münasibətilə universitetin ictimai həyatında, müxtəlif bilik yarışmalarında, idman sahəsində fərqlənən bir qrup tələbə mükafatlandırılıb.