Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA KİTAB TƏQDİMATI KEÇİRİLİB

05.03.2019

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan: Aqrar sektorun resurs potensialı, aqrar bazar və iqtisadi inkişaf” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  muxtar respublikada uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında əsaslı irəliləyişlər baş verib. Diqqətə çatdırılıb ki, bu sahə üzrə yazılan kitabların sayı artdıqca kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün də istifadə bir o qədər əlverişli olur.

Mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova kitabın məğzindən söhbət açaraq kitabda Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının resurs potensialının iqtisadi səmərəliliyinin yüksəldilməsi, Naxçıvan Muxtar Respublikasında aqrar bazarının formalaşmasının regional problemləri kimi mövzuların yer aldığını dilə gətirib. Bildirilib ki, kitabın I bölməsində müstəqillik dövrünün ilk illərində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının resurs potensialının iqtisadi səmərəliliyinin yüksəldilməsindən, II bölməsində Naxçıvan Muxtar Respublikasında aqrar bazarın formalaşması problemlərinin geniş tədqiqat dövriyyəsinə cəlb edilməsindən, III bölmədə isə alimin müxtəlif illərdə yazdığı Azərbaycan Respublikasında, eləcə də Rusiya, Türkiyə və digər ölkələrdə ayrı-ayrı dillərdə nəşr olunmuş çoxsaylı məqalə və tezislərdən seçmələrdən bəhs edilib.

Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov Naxçıvanda aqrar sektorun transformasiyası, onun əsas xüsusiyyətlərini, coğrafi-iqlim şəraitini və əhalinin torpaqla bağlı olmasını nəzərə almaqla aparılıb. Vurğulanıb ki, kitab Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aqrar sektorun problemlərinin tədqiqi və tədrisi ilə məşğul olan bakalavr, magistrlər, dissertantlar və doktorlar üçün nəzərdə tutulub.

Sonra kitab haqqında fikirlər dinlənilib.

Kitabın müəllifi, iqtisad elmləri doktoru Teymur Abbasov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.