Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QEYD EDİLİB

05.03.2019

Naxçıvan Dövlət Universitetinin Pedaqoji Fakültəsində “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş elmi- nəzəri konfrans keçirilib.

Konfransı giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Rektor bu gün münasibətiylə tələbə və müəllim heyətini təbrik edib.

Bədən Tərbiyə və idman kafedrasının müdiri, Naxçıvan MR-nın Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev muxtar respublikada idmanın inkişaf tarixindən söz açaraq qeyd edib ki, idmanın inkişafı, müxtəlif sahələri üzrə yaradılmış olimpiada mərkəzləri bu sahəyə xüsusi diqqətin olduğunun əyani sübutudur.

Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Valeh Əlixanov universitetin pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən danışıb. Bildirilib ki, yaradılan hərtərəfli şərait tələbələri bu istqamətdə daha fəal olmağa səsləyir.
 
Ali təhsil ocağında idmanın inkişafı və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində göstərdiyi xidmətlərə görə universitetin bir qrup müəllimlərinə  müxtəlif idman növləri üzrə fəxri fərmanlar təqdim edilib.  Badminton üzrə Məmmədəli Rəhimov, Stolüstü tennis üzrə oğlanlar arasında məşqçı Həsən Babayev, qızlar üzrə məşqçı  isə  Əvəz Tağıyev, şahmat üzrə Kifayət Hüseynova, idman müəllimlərindən Elza Musayeva , Nərminə Həsənova mükafatlandırılıblar.

Tələbələrdən karate üzrə Sərcan Məmmədov, Orxan Xəlilov, qaçış üzrə Gülayə Cəfərova, boks üzrə Vüqar Xaliqov, cüdo üzrə Allahverdi Allahverdiyev stolüstü tennis üzrə Xurşud Mahmudova təltif edilib.

 “Beynəlxalq və respublika idman yarışlarında tələbələrimizin uğurları” adlı çıxışında Bədən tərbiyəsi və idman ixtisası üzrə II kurs tələbəsi Sərcan Məmmədov tələbələrin uğurlarının qiymətləndirilməsini onların fəaliyyətinə bir dəstək olaraq qiymətləndirib. Qeyd edək ki, Sərcan Məmmədov karate üzrə Beynəlxalq turnirdə də  qızıl medal qazanıb.