Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİ QEYD OLUNUB

13.03.2019

Naxçıvan Dövlət Universitetində “Mirzə Cəlil Dühasının hüdudları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 17 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi barədə sərəncamını diqqətə çatdırıb.

“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İmam Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatına baxış” mövzusundan bəhs edib. Nəzərə çatdırılıb ki, kiçik hekayənin böyük ustadı hesab edilən dramaturqun hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur.

“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova “Amerika elmi- ədəbi mühitində Mirzə Cəlil və “Molla Nəsrəddin” mövzusunda çıxışında jurnalın nəşrinə başlamaqla Cəlil Məmmədquluzadənin Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyduğunu vurğulayıb. Qeyd olunub ki,  bu satirik jurnal Avropa ölkələrinə, Amerikaya kimi gedib çatmaqla bərabər İngiltərə və Amerikadan olan məşhur şərqşünaslar “Molla Nəsrəddin” barədə tədqiqatlar aparıblar.

Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Qızbəsti Quliyeva “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı”ndan danışaraq dramaturqun nəsr və dram əsərləri, publisistikası kimi şöhrət qazanmayan özünəməxsus şer yaradıcılığından bəhs edib.

Sonda Tarix –filologiya fakultəsinin tələbələrinin Cəlil Məmmədquluzadənin şeirlərindən ibarət bədii qiraəti dinlənilib.