Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA KİTAB TƏQDİMATI KEÇİRİLİB

14.03.2019

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ağı janrı: funksiya və poetik imkanlar” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, belə bir mövzunun araşdırılması xalqımızın mədəni və mənəvi irsinin mükəmməl şəkildə öyrənilməsi, unudulmaması və sonrakı nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir.

“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə doktoru Əbülfəz Əzimli mövzunun tədqiqində tarixi-ədəbi və nəzəri yanaşma prinsiplərinə əsaslanmaqla təsviri və tarixi-müqayisəli metodlardan istifadə olunduğunu vurğulayıb. Tarixdə və bu gün mövcud olan mənəvi ehtiyatlarımızı bir araya gətirərək mənəvi-ruhi ünsiyyətin ən nikbin ifadəsi olan ağıların öyrənilməsinin və təhlililin zəruriliyi diqqətə çatdırılıb.

AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu Azərbaycan xalq yaradıcılığının janrlarından biri olan ağının folklorşünaslığımızda ilk dəfə olaraq müstəqil tədqiqat mövzusu kimi işləndiyini qeyd edib. Bildirilib ki, kitabda elmi araşdırmaların və ümumiləşdirmələrin nəticəsində meydana çıxan nəzəri müddəalardan lirik mətnlərin öyrənilməsində və eyni zamanda əsərin elmi qənaətlərindən filologiya fakültələrinin folklor dərsliklərinin hazırlanmasında istifadə oluna bilər.

Sonra kitab haqqında fikirlər dinlənilib.

Kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.