Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

15.03.2019

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Novruz şənliyi təşkil olunub.

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov novruzun xalqımızın əsrlərdən bəri qeyd etdiyi sevimli bayramlardan olduğunu bildirərək, bayram münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib, onlara xoş günlər arzulayıb.  Novruz bayramının mənşəyinin qədim olduğu, novruzu qeyd edən hər bir xalqın bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratdığı qeyd olunub.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov  xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi milli bayramımız olan Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verib, həmçinin gəlişi ilə təbiəti canlandıran bayramın baharın müjdəçisi olduğunu vurğulayıb.

Sonda fakültənin tələbələri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Tələbələrin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb..