Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA “YOL HƏRƏKƏTİ QAYDALARININ TƏŞKİLİ” İLƏ ƏLAQƏDAR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

15.03.2019

Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan şəhər daxili avtomobil yollarının yenidən qurulması layihəsi uğurla icra olunur. Sərnişin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi istiqamətində maarifləndirici tədbirlərin də davam etdirildiyi diqqətə çatdırılıb.  Vurğulanıb  ki, nazirliyin təşəbbüsü ilə səsli mətnlərin elektron kartlara köçürülərək şəhərdaxili marşrutlarda səsləndirilməsi, Gənclər Fonduna üzv olan bir qrup könüllü tələbə-gənclər tərəfindən piyada və sərnişinlərə bukletlərin paylanılması  bu tədbirlər sırasındadır. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən- polis polkovniki tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.
 
Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək  bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. Nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı məlumat verilib.  Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarında artıq müsbət nəticəyə nail olunduğunu qeyd edən Ayaz İsmayılov bildirib ki, 2016-cı ildə 20, 2017-ci ildə 12, 2018-ci ildə isə 7 nəfərin həlak olması ilə nəticələnən   yol nəqliyyat hadisəsi baş veribsə, 2019-cu ildə isə hələ ölümlə nəticələnən yol qəzası olmayıb.   

Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Toğrul Məmmədli  Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolundan danışıb.

Sonda Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç, həyatından keçmə”, “Piyada və sərnişinin vəzifələri” adlı videoçarxlar nümayiş olunub. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.