Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

UNİVERSİTETİN NÖVBƏTİ HAMİLİK TƏDBİRİ NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ OLUB

05.04.2019


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə  və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar. Tədbirdən öncə müəssisənin Nəzarət qrupu otağında olan tələbələrə bölmələrin fəaliyyəti ilə bağlı mövcud olan sənədlər və əyani vasitələr göstərilib.

Tədbirdə giriş sözü ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxışında Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki,  universitetdə mövcud olan vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Vurğulanıb ki, ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov  “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı çıxışında qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir. Aprel döyüşlərində qazandığımız qələbənin 3-cü ildönümü ərəfəsində keçirilən görüşün təsadüf olmadığı vurğulanıb, dörd günlük qələbənin xalqımızın zəfər tarixi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb,  digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığın istiqamətində mühüm tədbirlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamımının, ordu və xalqın birliyinin və  xüsusi olaraq Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri cənab Vasif Talıbovun  qayğısı altında  əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.
 “Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi” adlı çıxışında Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev qeyd edib ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir.

Sonra tələbələrdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayan  “Cavanşir” sənədli filminin nümayişi olub.

Sonda fakültənin dekanı,  pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrinin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində artan rolundan danışıb, öz minnətdarlığını ifadə edib.