Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

09.04.2019

Naxçıvan Dövlət Universitetində “Aqrar sahənin inkişaf istiqamətləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı və perspektivləri” mövzusunda çıxış edərək Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatının da yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

 Nəzərə çatdırılıb ki, bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini də stimullaşdırıb. Eyni zamanda aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olub.

 “Dəyişən sosial-iqtisadi mühit və aqrar problemlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin baş məsləhətçisi Rəmzi Əlizadə aqrar islahatların aparılmasının, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat sahələrinin yaradılması istiqamətində görülən işlərin muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına şərait yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, təsdiq olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz müəssisələrinin işə salınması kənd təsərrüfatının inkişafını təmin edib.

Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müəllimi, baytarlıq üzrə fəlsəfə doktoru Səhman Bayramov “Qoyunların helmitoz xəstəliklərinə həssaslığı” mövzusunda çıxış edib.

Plenar iclasın birinci bölməsində “Aqrar sahənin inkişaf perspektivləri” , ikinci bölmədə “İstehsal və qidatəhlükəsizliyi”, üçüncü bölmədə isə “Heyvandarlığın müasir problemləri” mövzusunda çıxışlar olub.  Üçüncü bölmə iclasında “Naxçıvan Muxtar Respublikasında heyvandarlığa zərər vuran onurğasızların məhvedilməsində antropogen amillərin rolu” mövzusunda çıxış edən rektor digər bölmələrdə də çıxış edərək iştirakçılara uğurlar arzulayıb.